شمس تبریزی و مولانا
1- Tələb. Tələb içəridən dışarıya uzanan bir istəkdir. Həm də dışarını içəriləşdirmə təlaşıdır. Bu aşama olmazsa heç bir şey olmaz. “İstək” insanın içində hərəkətin dinamiyini oluşdurar. Nəsimi bu mərtəbəni bu şəkildə anlatmaqdadır: “Ey xəstə könül, dərdinə dərman tələb eylə! Gər can dilər isən, yürü, canan tələb eylə! Ey bülbüli qüdsi, nə giriftari qəfəssən? Sındır qəfəsi, taazə gülüstan tələb eylə! Ərkansız olanlarla rəfiq olma Nəsimi Yol əhlini gözlə, ədəb-ərkan tələb eylə” Göründüyü kimi Nəsiminin bu şeirində də “tələb-istək” varlığa qovuşmaqdır, küllü anlamaq arzusudur. Bədənlə çevrələnmiş ruhun çərçivəsini qırıb çərçivəsizliyə qovuşma istəyidir bu. Ancaq hər şey istəməklə olmaz. İstəklər gərək həyatın gerçəkləri ilə üz-üzə gəlib təcrübə qazansın. Bu üzdən də “istək”dən sonrakı aşamalar meydana çıxır. 2- Eşq. Buradakı eşq bütüncü eşq deyil. Metafiziklə əlaqəsi olan eşq deyil hələ. Bədənin də eşqə ehtiyacı var, ruhunda. Ruhun məntiqinə uyğunlaşmaq üçün ikinci mərhələdəki “eşq” bədəni təlim edir. İnsanlar arasında sinfi təzadları da eşq ortadan qaldırıb və bir cövhərdə bütün insanları tərif edir. Füzuli bunu bu şəkildə anladır: “Vadiyi vəhdət həqiqətdə məqami eşqdir Kim müşəxxəs olmaz ol vadidə sültandan gəda Eşqdir ol nəşeyi kamil ki, ondandır müdam Meydə tənviri-hərarət, neydə təsiri-səda” İnsanın ən çox gənclik yaşlarında meydana çıxan bir mərhələsidir bu məqam. 3- Mərifət. Ta əski zamanlardan ulular “bilgi ərdəmdir (fəzilətdir)”—demişlər. İrfanda bilgi sadəcə cüzlərə parçalamaq istəməz. Cüzlər, parçalar arasında mövcud olan ümumi irtibatları da dərk etmək istər. Bilirsiniz ki, elmin xüsusiyatı incələyib, təhlil edib gerçəkləri kəşf etməkdir. Daha doğrusu elm incələr. İrfan mərifətində isə, inclənmişlər arasında mövcud olan ümumi bağları bilmək, görmək, anlamaq istərlər. Cüzlər arasındakı bağlar cüzlə küllün irtibat şəklini də ortaya qoyar. Bu irtibatlar bütünündə irfan ontologiyası meydana çıxır. İrfan ontologiyası həm anlamlı davranışların məzmunu incələr, həm də varlığı bir bütün olaraq idrak etmək istər. Mərifət bağlamındakı ontoloji yanaşmada “fəna” və “bəqa” bir-biri ilə irtibatda ələ alınır. “fəna” və “bəqa”nın sınırları iç-içə olaraq görünür. Bunu ən gözəl şəkildə Füzuli anladır “Leyli və Məcnun”da: “Gər var isə mərifət məzaqi Fani sənə bəs, dəlili-baqi” Anlaşıldığı kimi irfanda “mərifət” quru və duyğusuz anlamaq deyil sadəcə, həm də bir zövq məsələsidir. Yəni bilgilənmə sürəcində insanın ruhu da zövq alıb aydınlanır. Daha doğrusu irfan fəlsəfəsində ağlın öz işığına bürünüb ruhun ehtiyaclarını qavramlaşdırma sürəcinə tanıq oluruq. Ağlın ruhun epistemologiyası kimi ortaya çıxması da burdan qaynaqlanır. 4- İstiğna (doyum). Bunu anlada bilmək üçün sadə bir örnək söyləyəlim. Bir bardaq suyun özündə bəlli miqdarda şəkər həll və həzmetmə qabiliyəti var. Daha sonra bu bir bardaq su doyum (istiğna) nöqtəsinə çatar. İrfanda da dünyəvi bilgilərdən doyum nöqtəsi vardır. Bəzən zövqün həsrətində yanarıq, ancaq o zövq imkanına çatdığımızda susmuş və doumuş kimi görünərik. Baxın bunu Füzuli nə gözəl anladır: “Ey qılan şeyda məni, məndən bu İSTİĞNA nədir? Nişə qılmazsan ki, əhvali dili şeyda nədir? Gül təmənnasında derlər bülbülün qövqaların Çün gülü gördükdə dinməz, bilməzəm qövğa nədir?!” Yəni gülün həsrətində bülbülün o fəryadları nədir, gülün yanında onun bu susqunluğu nə? Füzuli də irfan bucağından baxaraq deyir ki, doyum şeydalıqla, aşiqliklə mümkün olur. Yalnız eşq gəldiyində insanın nəfsi azadlığa qovuşur. 5- Heyrət. İrfan elmində “heyrət” xaliqlə xəlqin, yaradanla yardılanın arasındakı fərqin ortaya çıxış nöqtəsidir. Çoxluqdaki varlığın bir “tək” olanda görünüşü və bundan dolayı da heyrətə düşmək. Bunu ən yaxşı yenə də Füzuli anlatmaqdadır: “Xəlq oldu bu bəhri-heyrətə qərq Taa xəlqdən ola, xaliqə fərq” Ancaq irfan dialektikasında bu da var ki, daha öncəki məqamlar dərinliyi ilə yaşanmasa insan heyrətlənərsə, o zaman heyrətin aydınlıq tərəfinə deyil, qaranlıq tərəfinə düşər. Çünkü heyrət həm qaranlıq doğurar, həm aydınlıq. Heyrətin aydınlıq gətirməsi üçün daha öncəki mərhələlər daxili bir hərəkət; irəliləyiş və dərinləyiş olaraq yaşanmalıdır. Füzuliyə görə əgər öncəki məqamlar yaşanılmadan, insanın içində bir hazırlıq mərhələsi olmadan “heyrət” diyarına varılırsa, insan heyrətin aydınlıq tərəfinə deyil, qaranlıq tərəfinə girər. Baxın: “Yol azarsan zülməti heyrətdə ey dil, vaqif ol! Zinhaar! Ol kəndə getmə, ahi-atəşbarsız.” Buradakı “ahi-atəşbar” təmizlənmiş nəfəs və nəfs deməkdir. 6- Tövhid (birləmə). Buna “Vəhdəti-vücud” da deyilir. Çoxluq şəklində görünənlərin içində “təklik”dən ibarət olan bir görünməz var. Bu “tək” ərəzi deyil, zaatidir. Hər nəsnə öz içində bu “bir” olanı daşıyır. Bu ”bir” olan məsdərdir, qaynaqdır. Bütün varlıq ondan təzahür edir. Füzuli deyir: “Ey vücudi-kamilin əsrari-hikmət məsdəri Məsdəri-zaatın olan əşya sifatın gövhəri” Anlaşıldığı kimi bütün əşyanın cövhərini o “bir” olan oluşdurur. Bütün dünya dağılsa da o “bir” olana zaval yoxdur, çünkü o öncəsiz (əzəli) və sonrasız (əbədi) olandır. Yenə də bu görüşü Füzulidən yararlanıb anladalım: “Biz cahan məəmurəsin məənidə viran bilmişiz Afiyət küncün bu viran içrə pünhan bilmişiz.” Yəni dünya, varlıqda olanlar yox olsa da, o “məəna” yox olmaz. Çünkü varlıq “O”nun təzahürüdür. 7- Fəna. Buna “Fəna fillah” və “bəqa billah” da deyilir. İnsan bu məqama çatdıqdan sonra ondakı bütün kötü duyğular fənaya, yoxluğa uğrayır. Çünkü kötülük fənaya məhkumdur. Kötülük ortadan qalxdıqdan sonra onun yerini yaxşı və baqi olan duyğular doldurur. Eşq məqamlarının da hədəfi bu mənəvi yüksəkliyə çatmaqdır. Baxınız Füzuli bunu Məcnunun dili ilə nə gözəl anladır. Məcnun deyir ki, Leyli məni bu məqama çatdırmaq üçün bir yol imiş. Mən indi bu yüksək məqama çatmışam və başqa bir bəkləntim yoxdur. “Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi, Şükr kim məqsuudə yetdim, intizarım qalmadı” Bu yüksək məqama çatdıqdan sonra insanın bütün yaradıcılığı qalarğı və əbədi olur. Öz iç hallarının transformasiyasına şahid olan insan bu məqamı çatıb çatmadığını özü anlar. Məsələn Şəhriyar irfanın bu ulu zirvəsinə çatmışdı. Çatdığını da özü bu şəkildə anladır: “İrfana çatmasa şeiru ədəb ibqa olmaz Mən də irfana çatıb, şeirimi ibqa elədim” Anlaşıldığı kimi Şəhriyar öz sənətinin ibqa (əbədi-qalarğı) olmasını irfanın zirvəsinə yüksəlməsinə bağlayır. Burada bu “yeddi məqam” qonusunu bitirib yenə də Şəmsə dönəlim. Bu yeddi məqamı ona görə anlatdım ki, görəcəksiniz Şəmsi anlamaqda bizə çox yardımçı olacaq. ![]()
| Design By : Night Skin |


